logo

Lənkəran “Avropa İttifaqı Mədəniyyət naminə” qrant müsabiqəsinin qalibi olub

15:15 23-09-2022 | icon 1841
Lənkəran “Avropa İttifaqı Mədəniyyət naminə” qrant müsabiqəsinin qalibi olub

Lənkəran Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirilən “EU4Culture” layihəsi çərçivəsində qalib şəhər elan olunub. Bunun əlaqədar, Lənkəran şəhərində tədbir keçirilib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, tərəfdaş ölkələrin səfirliklərinin nümayəndələri, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və “EU4Culture” layihəsinin komanda heyəti iştirak edib.

YeniAvropa xəbər verir ki, Avropa İttifaqı(Aİ) tərəfindən Höte İnstitutunun koordinasiyası ilə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhər və qəsəbələrində mədəniyyət və yaradıcı sektoru dəstəkləmək məqsədilə 2021-ci ilin iyun ayında ümumi büdcəsi 40 milyon avro olan “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi elan olunub. Bu layihə Avropa İttifaqı tərəfindən hazırlanmış ən böyük mədəniyyət proqramlarından biridir.

Müsabiqəyə Azərbaycan üzrə səkkiz şəhər müraciət etmişdi: Lənkəran, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şirvan, Xırdalan və Şəki.

Lənkəran şəhəri üçün müraciət Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi vasitəsilə həyata keçirilib. Layihə çərçivəsində Aİ-nin dəstəyi ilə ötən aylar ərzində bu şəhərlərin mədəniyyətinin inkişafına yönəlmiş mədəniyyət inkişaf strategiyaları hazırlanıb. Üç mərhələdən ibarət olan və bir neçə ay davam edən müsabiqənin ölkə üzrə qalibi Lənkəran şəhəri seçilib. Qalib seçilmiş şəhər üçün yazılmış strategiyanın icrasına Aİ tərəfindən 300 min avro vəsait ayrılıb. Strategiya 2 il ərzində icra ediləcək.

Maliyyə dəstəyi ilə yanaşı, layihə çərçivəsində qalib şəhərin mədəniyyət sahəsində potensialının gücləndirilməsinə yönəlmiş dəstək və təlim proqramları keçiriləcək.