Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hakim “Amanat” partiyasının tərkibindən çıxmaq qərarına gəldiyini açıqlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Qazaxıstan prezidenti bu barədə “Amanat” partiyasının onlayn formatda keçirilən növbədənkənar qurultayında bildirib.
Qazaxıstan Məclis parlamentin(aşağı palata) spikeri Yerlan Koşanov hakim partiyanın yeni sədri seçilib.
"Bu gündən etibarən mən “Amanat “partiyasının sədri vəzifəsindən getməyə və partiyadan çəkilməyə qərar verdim. Bu addım simvolik xarakter daşıyır. Bu baxımdan, prezident seçkilərində göstərdiyiniz etimad və dəstəyə görə hamınıza təşəkkür edirəm", -deyə Qazaxıstanın dövlət başçısı bildirib.
Xatırladaq ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev 2006-cı ildən 2021-ci ilin noyabrınadək hakim “Nur Otan” (“Vətənin işığı”) partiyasının sədri olub. Ötən ilin noyabrında Nursultan Nazarbayev "Nur Otan" Partiyasının sədri vəzifəsindən istefa verərək, səlahiyyətlərini ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil verib.
Bu ilin yanvarında Qazaxıstanda baş verən hadisələrdən sonra, yanvarın 28-də hakim “Nur Otan” partiyasının onlayn formatda növbədənkənar qurultayı keçirilib və Kasım-Jomart Tokayev hakim partiyasın yeni sədri seçilib.
Daha sonra, bu il martın 1-də növbədənkənar XXII qurultayda “Nur Otan” partiyasının adı dəyişdirilərək “Amanat” adlandırılıb.