Rusiya ilə Ukrayna arasındakı müzakirələrinin nəticələri müsbətdir, amma təbii ki, tam istədiyimiz kimi deyil. Lakin, daha yaxşı olacağına ümidsiz deyilik. Bu gün əməkdaşlarımız Rusiya və Ukrayna tərəfi ilə əlaqə saxlayacaqlar. Hər iki ölkə lideri ilə danışıqlarımız gözlənilir. İnşallah, prosesi liderlər səviyyəsində İstanbulda davam etdirməyi planlaşdırırıq. Əgər dəvətimizi qəbul etsələr, İnşallah, bu görüşü İstanbulda keçirəcəyik.
YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda iştirak etdiyi cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə silahlı qüvvələri tərəfindən İraq və Suriya ərazisində aparılan antiterror əməliyyatlarına toxunan Prezident Ərdoğan hazırda türk əsgərlərinin böyük uğur qazandığını bildirib: “Təbii ki, bu terrorçu yuvalarında, mağaralarda çoxlu silah-sursat ələ keçirilib. Bu sursatla birlikdə təmizləmə işləri davam edir. Bu, asan iş deyil. Ümid edirəm ki, bu mağaralar heç bir itki olmadan və ya ən az itki ilə təmizlənəcək”.
İraqın şimalında başladılan “Pəncə-Kilit” əməliyyatları zamanı Türkiyə tərəfinin üç şəhid verdiyini deyən Prezident Ərdoğan bildirib ki, terror təşkilatı indi son mübarizəsi kimi göstərişləri xüsusilə Qəndildən gələn təlimatla yerinə yetirməyə çalışır. Türkiyə Prezidenti bu əməliyyatlar zamanı zərərsizləşdirilən terrorçu sayının 45-ə çatdığını vurğulayıb.