logo

Rusiyanın işğalçılıq müharibəsi Ukraynanın infrastrukturuna 60 milyard dollar zərər vurub

12:58 22-04-2022 | icon 2086
Rusiyanın işğalçılıq müharibəsi Ukraynanın infrastrukturuna 60 milyard dollar zərər vurub

Dünya Bankı Rusiyanın işğaıçılıq müharibəsi nəticəsində Ukraynanın infrastrukturuna dəyən fiziki zərərin ilkin qiymətləndirməsini başa çatdırıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Dünya Bankının prezidenti David Malpassın sözlərinə görə, müharibə Ukraynanın infrastrukturuna 60 milyard dollar zərər vurub.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun “2022-ci ilin yaz görüşləri” çərçivəsində Ukraynaya dəstək üçün keçirilən dəyirmi masada çıxış edən David Malpass Ukrayna hökumətinin və dövlət müəssisələrinin qeyri-hərbi büdcə kəsiri və borc yükü ilə qarşılaşdığını bildirib.

O, həmçinin Dünya Bankının vacib dövlət xidmətlərinin göstərilməsi üçün Ukraynaya 3 milyard dollardan çox vəsaitin səfərbər edildiyini vurğulayıb.

David Malpassın fikrincə, müharibədən sonra 6-8 ay ərzində nəqliyyat, elektrik, istilik və rəqəmsal texnologiyalar kimi əsas infrastruktur əlaqələri bərpa olunmalı, daha sonra isə ortamüddətli perspektivdə şəhərlər və evlər yenidən qurulmalı, kənd təsərrüfatı və biznes sektorları gücləndirilməlidir.

Dəyirmi masada videogörüntü vasitəsilə iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin iqtisadi itkilərini kompensasiya etmək üçün ayda 7 milyard dollarlıq dəstəyə ehtiyacın olduğunu bildirib. Onun ardınca çıxış edən Baş nazir Denis Şmıqal isə bu il Ukraynanın ümumdaxili məhsulunun 30-50 faiz azala biləcəyini, həmçinin müharibə nəticəsində ölkəyə birbaşa və dolayı dəyən zərərin 560 milyard dollara çatdığını deyib.

Qeyd edək ki, Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, Kiyev iqtisadiyyatın bərpası üçün Dünya Bankından 88,5 milyon avro məbləğində qrant alacaq. Bu vəsait sosial və humanitar sahələrin maliyyələşməsini gücləndirəcək və dövlətin makromaliyyə sabitliyini təmin edəcək.

Böyük Britaniya da öz növbəsində müharibənin iqtisadi nəticələrini yumşaltmaq üçün Ukraynaya 500 milyon dollar kredit zəmanəti verməyi planlaşdırır.