logo

Slovakiya Ukraynaya "S-300"lər göndərdi

21:42 08-04-2022 | icon 5789
Slovakiya Ukraynaya "S-300"lər göndərdi

Slovakiya Ukraynaya öz "S-300" hava hücumundan müdafiə sistemini göndərib.

YeniAvropa xəbər verir ki, bu məlumatı Avropa Komissiyasının prezidenti Ursula fon der Layen ilə birlikdə Kiyevdə səfərdə olan Slovakiyanın baş naziri Eduard Heqer verib.

Rəsmi Bratislava indiyədək ölkənin müdafiəsində bu raket sisteminə ehtiyac olduğunu bildirdiyindən xəbər gözlənilməz olub. Belə ki, Almaniya və Niderland mart ayında NATO-nun şərq cinahının gücləndirilməsi üçün Slovakiyaya “Patriot” sistemi təqdim ediblər, lakin müdafiə naziri Yaroslav Nad bu sistemin əvəzedici deyil, müvəqqəti əlavə olduğunu iddia edirdi.

E. Heqer mətbuat açıqlamasında qeyd edib ki, Ukraynaya S-300 raket sisteminin verilməsi Slovakiyanın hansısa silahlı münaqişəyə qoşulması anlamına gəlmir: “Bu məsuliyyətli qərarla Slovakiya sülh, azadlıq və insan haqlarının qorunmasını dəstəkləyən bir ölkə olaraq Ukraynaya və onun dinc sakinlərinə sırf müdafiə yardımı göstərir”.

Slovak hökumətinin təsdiqləmədiyi xəbərlərə görə, S-300 raket sistemi iki gün davam edən məxfi missiya çərçivəsində Ukraynaya çatdırılıb.