logo

Belçika Rusiyanın 196 milyard avroluq maliyyə aktivini dondurub

09:49 07-04-2022 | icon 2233
Belçika Rusiyanın 196 milyard avroluq maliyyə aktivini dondurub

Avropa İttifaqı Şurasının qərarı ilə Moskvaya qarşı tətbiq edilən sanksiyaların icrası çərçivəsində Belçika Rusiyanın 196 milyard avroluq maliyyə aktivini dondurub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Belçika hökuməti, həmçinin Avropa İttifaqının sanksiya siyahısında olan 887 fiziki şəxsin və 62 müəssisənin 2,7 milyard avroluq aktivlərini də bloklayıb.

Belçikanın gömrük xidmətləri ölkə ərazisində sanksiyalara riayət olunmasına ciddi nəzarət edir. Limanlarda Rusiya üçün nəzərdə tutulan 23 mindən çox konteyner yoxlanılıb və onlardan üçü müsadirə olunub. Bundan başqa, Zebrüqqe limanında Rusiyada satılmalı olan 1000 ədəd avtomobil saxlanılıb.

Belçika Milli Bankının məlumatına görə, 2017-2019-cu illərdə ölkəyə Rusiya mallarının idxalı orta hesabla ümumdaxili məhsulun 1,5 faizini və ya hər il təxminən 6,7 milyard avro təşkil edirdi.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib və onların sayı artmağa davam edir.