logo

Türkiyə İsrailə səfir təyin edəcək

12:52 31-03-2022 | icon 2023
Türkiyə İsrailə səfir təyin edəcək

May ayının ortalarında İsrailin baş naziri Naftali Bennet Türkiyəyə səfər edəcək. Səfər zamanı İsrailə səfir təyinatı ilə bağlı qərar veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A haber” televiziya kanalına müsahibəsində bildirib.

Fələstinin də İsrail ilə Türkiyə arasındakı münasibətlərin normallaşmasını istədiyini deyən M.Çavuşoğlu qeyd edib: “Çünki onlar da bilirlər ki, İsraillə dialoq aparsaq, bu problemin həlli istiqamətində Türkiyə ciddi səylər göstərəcək. Biz iki dövlətli həll üçün üzərimizə düşəni yerinə yetirməyə davam edəcəyik”.

Qeyd edək ki, İsrail ilə Türkiyə arasındakı münasibətlərdə zəifləmə Rəcəb Tayyib Ərdoğanın baş nazir vəzifəsinə gəlişindən sonraya təsadüf edir. Doğrudur, Ərdoğanın  2005-ci ildə İsrailə ilk rəsmi səfər edib. Eləcə də 2008-ci ildə İsrail prezidenti Şimon Peres Türkiyəyə səfər edib. Bu, ölkə rəsmilərinin son qarşılıqlı səfərləri olub. İki ölkə arasında münasibətlər 2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi və 2010-cu ildə Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum nəticəsində daha da pisləşib. 2013-cü ilin mart ayında İsrail hökuməti gəmiyə edilən hücuma görə Türkiyədən üzr istəmiş və diplomatik əlaqələrin yenidən bərpa olunması ilə bağlı cəhd edib.

Lakin 2017-ci ildə  Qüdsdəki Əl-Əqsa məscidi ilə bağlı gərginliyin artması fonunda ölkələr arasındakı münasibətlər yenidən pisləşib. İsrail Türkiyədəki səfirliyini və konsulluğu bağlayıb.

Xatırladaq ki, bu il martın 9-da İsrail prezidenti İsxak Hersoq Türkiyəyə rəsmi səfərə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş iki ölkə arasında diplomatik münasibətlərin inkişafına yeni təkan verib.