"Böyük Yeddilik"(G7) ölkələri Rusiya Federasiyasının qazın pulunun rus rublu ilə ödənilməsi tələbinə əməl etməyəcəklər.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının iqtisadiyyat naziri Robert Habek Berlində jurnalistlərin sualını cavablandırarkən deyib.
Energetika nazirlərinin sammitindən sonra keçirilən brifinqdə çıxış edən Robert Habek bunun mövcud kontraktlara zidd olduğunu vurğulayıb.
O, Rusiyanın bu tələbinin "G7"ni, eləcə də bütövlükdə Avropanı parçalamaq üçün aşkar cəhd kimi qiymətləndirib. Almaniyalı nazir, həmçinin Avropa İttifaqı və "G7" ölkələrinin istənilən ssenarilərə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Qazprom” Aİ ölkələrindən Rusiya qazının ödənişini yalnız rublla almaq niyyətində olduğunu bəyan edib.