İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının nəticələrinə dair bəyanat verilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,müzakirələrdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyanata dair açıqlama verib.
Tərəflər arasında yaxınlaşmanın hər mərhələdə artdığını görməkdən məmnunluq hissi duyduqlarını ifadə edən nazir müzakirələr başladığı gündən indiyədək ən yaxşı irəliləyişin bu gün müşahidə olunduğunu bildirib.
Müzakirələrin əsas məqsədinin bir an əvvəl atəşkəsin elan olunması və qalıcı siyasi həllin təmin edilməsi olduğunu deyən nazir bildirilib ki, hər iki ölkənin XİN rəhbərlərinin növbəti mərhələlərdə daha çətin məsələləri müzakirə etməsi nəzərdə tutulur. Bunun ardından isə hər iki ölkənin prezidentlərinin görüşü gündəmə gələcək.
Qeyd edilib ki, əvvəlki görüşlərdə olduğu kimi tərəflər Türkiyəyə olan güvənlərini bir daha nümayiş etdirdi. Bu görüşün nəticəsində bəzi məqamlarda ortaq fikrə gəlindi.
Rusiya və Ukrayna heyətləri ilə görüşlərin keçirildiyini deyən nazir bildirib ki, bu görüşlərdə humanitar yardım və humanitar dəhlizlərin açılması məsələləri də müzakirə olunub.
Mövlud Çavuşoğlu bu günədək 16 min 500-dən artıq Türkiyə vətəndaşının Ukraynadan təxliyə edildiyini və gələcək təxliyələr üçün danışıqların davam etdiyini bildirib.