Rusiya dost olmayan ölkələrə qazı rublla satacaq.
YeniAvropa xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə bu barədə tapşırıq verib. Rusiya prezidenti belə bir qərarı ölkə aktivlərinin Qərbdə dondurulması ilə əlaqələndirib.
Rusiya qazının dost olmayan ölkələrə rublla satışını “RBK” agentliyinə şərh edən ekspertlərin fikrincə, yeni qaydalar rublun möhkəmlənməsinə gətirib çıxaracaq. Lakin bunun üçün müqavilələrə düzəlişlər olunmalıdır.
Avropa Komissiyası qitə ölkələrinin cari ildə Rusiya ilə müqavilədə göstərilmiş qaz həcminin yalnız 40 faizini alacağını bəyan edib. Ekspertlər fikirlərinə görə, bu, müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır. Rusiya prezidentinin rublla ödənişlərə keçmək qərarını da bu pozuntuya cavab kimi qəbul etmək olar.
Rusiya qazı Avropanın qaz təminatının 40 faizini təşkil edir. Avropa İttifaqı enerji sahəsində yeni tərəfdaşlar axtarışındadır. Bu günlərdə Almaniyanın iqtisadiyyat naziri Robert Habek Qətər və BƏƏ ilə energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Qeyd edək ki, Rusiyanın dost olmayan ölkələr siyahısında 46 dövlətin adı var.