Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən milyarder oliqarx Roman Abramoviçin Qərbin sanksiyalarından xilas etməyə çalışdığı “Solaris” adlı superyaxtası martın 21-də Türkiyənin cənubundakı kurort şəhəri olan Bodrum limanına yan alıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu zaman qəfildən gəminin qarşısını ukraynalı gənc yaxtaçıların 11 nəfərlik komandası kiçik qayıqla kəsib. Ukraynalı uşaqlar “Müharibəyə yox!” şüarı qaldıraraq rusiyalı oliqarxın yaxtasının limana daxil olmasına imkan verməyiblər.
Ukraynanın Qara dəniz yaxt-klubunun direktoru Albert Kabakov deyib ki, Abramoviçin nəhəng gəmisinə qarşı 8-10 yaşlı cəsur uşaqlar müqavimət göstəriblər.
Komanda Türkiyəyə yarışlar üçün gəlib və Abramoviçin yaxtasının Bodruma yaxınlaşdığını eşidərək bu aksiyanı keçirməyi qərara alıblar.
Rusiyalı oliqarxın köməyinə Türkiyənin sahil-mühafizə qüvvələri yetişib və ukraynalı uşaqları “qanunsuz hərəkət” barədə xəbərdar ediblər. Ukraynalı uşaqların qayığı sahil mühafizə qüvvələri tərəfindən limandan kənarlaşdırılıb.
Xatırladaq ki, Roman Abramoviç Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün öz yaxtasını Türkiyəyə “qaçırmağa” müvəffəq olub. Məlumatlara görə oliqarxın “Eclipse” adlı başqa bir yaxtası Karib adalarındadır və onun da tezliklə Türkiyə sahillərinə yan alacağı gözlənilir.
Buna baxmayaraq, R.Abramoviçin Avropadakı bütün aktivləri artıq müsadirə olunub.