Bu gün Ümumdünya Su Günüdür
22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.
YeniAvropa xəbər verir ki, bu il Ümumdünya Su Günü "Yeraltı sular: Görünməyənləri görünən etmək" devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Həmin məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.
Dünyadakı bütün canlıların orqanizmi müəyyən miqdarda sudan ibarətdir. İnsanın vücudunun hər yerində - qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. İnsan orqanizminin 60-70 faizi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də suyun daxil olması lazımdır. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.
Su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradan da toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su, həmçinin orqanizmdə gedən bir sıra mübadilə reaksiyalarında bilavasitə iştirak edir.
Bundan başqa, suyun sanitariya-gigiyenik əhəmiyyəti də böyükdür. Dünyanı çənginə alan yeni növ koronavirusdan (COVID-19) qorunmaq üçün mütəxəssislər əllərin tez-tez 20-30 saniyə ərzində sabunla axar suda təmiz yuyulmasını tövsiyə edirlər. Bu, suyun nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu bir daha sübut edir.
Yer kürəsinin su ehtiyatları
Yer kürəsi səthinin üçdə ikisi su ilə örtülüdür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insan istifadəsi üçün əlçatandır. Bu gün 663 milyondan çox insanın yaşayış yerlərinin yaxınlığında içməli su mənbələri yoxdur. 1990-cı ildən bəri yalnız 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub.
Ötən əsrdə sudan istifadə 6 dəfə artıb ki, bu da dünya əhalisinin artım tempindən 2 dəfə çoxdur. Hazırda inkişaf etmiş ölkələrdə sızma səbəbindən şirin su ehtiyatlarının təxminən 30 faizi itirilir. Hətta bəzi böyük şəhərlərdə su itkisi 70 faizə çata bilir.
Planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ilədək 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.
2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur.
Azərbaycan su ehtiyatları az olan ölkələr sırasına daxildir
Azərbaycan su ehtiyatları az olan ölkələr sırasına daxildir. Respublikamızın yerüstü su ehtiyatları cəmi 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. Quraq illərdə yerüstü su ehtiyatları 20-21 kubkilometrə qədər azalır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.
Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl müəyyən edilib ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.
Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Əsas böyük su anbarları Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 kubkilometr təşkil edir.
Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 324 çayın uzunluğu 11-100 kilometr arasındadır. Əksər çayların uzunluğu isə 10 kilometrdən azdır.
Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu və onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrdə və həmin zirvələrin yamaclarında saxlanılıb. Ölkəmizdəki daimi buzlaqların sahəsi 6-6,5 kvadratkilometrdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara, qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin olunmalı və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.
İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib. Nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azalıb. Ölkəmizdə əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atılmalıdır.
Xəzərin səviyyəsi enib
Son illərdə Xəzər dənizinin səviyyə tərəddüdləri ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi proqnozu mövcuddur. Ötən il Əlif Hacıyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub. Qlobal istiləşmə Xəzərdə dəniz suyunun temperaturunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin enməsi fonunda bu amillər dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaradır.
2005-ci ildən dənizin səviyyəsi müntəzəm enməyə başlayır. Dənizin səviyyəsi bu illər ərzində 119 santimetr düşüb. Daha çox enmə ötən il qeydə alınıb. 2020-ci illə müqayisədə səviyyə 25-30 santimetr enib.
Kürün aşağı axınında suyun miqdarı azalıb
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, uzunmüddətli məlumatları təhlil etsək, görərik ki, həm ölkəyə daxil olan suyun həcmi, həm də Kürün aşağı axınında suyun miqdarı azalmaqdadır. Bunun səbəbləri müxtəlifdir. Əvvəlcə əsas faktor kimi iqlim amilini göstərmək istərdik. İqlim dəyişmələri nəticəsində nəinki Azərbaycanda, bir sıra ölkələrdə su defisiti problemi yaşanmaqdadır. Azərbaycanda iqlim dəyişmələri ilə bağlı ən həssas sektorlardan biri su sektorudur. Ölkəyə daxil olan suyun həcmi son 10 ildə 27 faiz azalıbsa, Kürün aşağı axınında azalma 50 faizdən çoxdur. İkinci səbəb kimi sudan səmərəsiz istifadəni qeyd etmək olar. Son dövrlərdə azsulu illər müşahidə olunmaqdadır. Qarlı, şaxtalı günlərin sayının azalması nəticəsində regionda çaylarda sululuq da azalır. Bununla yanaşı, suya tələbat artır. Tələbat artanda təəssüf ki, müasir metodlarla deyil, sudan ifrat dərəcədə istifadə baş verir. Kürün yuxarı axınında yaşayan vətəndaşlar sudan istifadə edərkən müasir üsullara müraciət etsələr, iqlim faktoru ilə bağlı yaranmış böhran daha da gərginləşməz.
U.Tağıyeva qeyd edib ki, əvvəlki illərlə müqayisədə Kürün səviyyəsi xeyli enib: “Hətta bütün Kür üzərində olan müşahidələrə görə, ən aşağı səviyyə göstəriciləri qeydə alınıb. Bir müddət bundan əvvəl verilən proqnozlarda qeyd etmişdik ki, martda yağıntıların intensiv olması ilə əlaqədar Kürün aşağı axınında vəziyyətin tədricən dəyişməsi proqnozlaşdırılır. Məntəqələrdən aldığımız məlumatlar bunu təsdiqləyir. Yağıntılarla əlaqədar səviyyələrdə müsbət tendensiya müşahidə olunmaqdadır. Qarşıda – aprel, may, iyun aylarında gursululuq dövrü gözlənilir. Ümid edirik ki, vəziyyətin tədricən yaxşılığa doğru dəyişməsinə şahid olacağıq”.
O bildirib ki, xidmətin mütəxəssisləri Kür çayının aşağı axınında duzluluğun artımı ilə bağlı monitorinqlər aparırlar. Son nəticələrə görə, çayda suyun həcminin artması ilə əlaqədar olaraq duzluluq da azalmaqdadır. Vəziyyət yaxşılığa doğru dəyişir.
Oxçuçayın biomüxtəlifliyi məhv olmaq üzrədir
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov azad olunan ərazilərin su ehtiyatları baxımından zəngin olduğunu, lakin işğal nəticəsində təkcə ətraf mühitimizə, biomüxtəlifliyimizə, təbii ehtiyatlarımıza deyil, həm də su resurslarımıza böyük ziyan dəydiyini və bu prosesin davam etdiyini diqqətə çatdırıb: "Biz bunu işğaldan azad olunmuş ərazilərdə olan və Ermənistan ərazisindən keçən transsərhəd çaylarımızın timsalında görə bilərik. Dörd çayımız var ki, Ermənistan ərazisindən keçir. Həmin transsərhəd çaylar Araz çayı, Oxçuçay , Bəsitçay və Bərgüşadçaydır. Həmin çaylarda işğaldan azad olunma dövründən sonra aparılan monitorinq işləri və götürülən su nümunələrinin analizlərinin nəticələri göstərir ki, Ermənistan ərazisindən keçən çaylarda çirklənmə buraxılabilən hədlərdən çox yüksəkdir.
Həmin transsərhəd çaylar ağır metallar və digər kimyəvi maddələrlə çirkləndirilir və bu proses hələ də davam etdirilir. Onlardan ən çox çirklənməyə məruz qalan Oxçuçaydır. Çünki onun hövzəsində iki böyük mədən yerləşir – “Qacaran” və “Qafan” mis emalı zavodları. Təəssüf ki, onların tullantıları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Çirklənmə nəticəsində Oxçuçayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatır. Demək olar ki, həmin çayın biomüxtəlifliyi tam məhvolma üzrədir”, - deyə V.Kərimov qeyd edib.
Həkəri və Bərgüşad çayları üzərində su anbarları tikiləcək
1990-cı illərin statistikasına istinad etsək, işğaldan azad edilmiş ərazilərimizin 2 milyard kubmetrə yaxın su ehtiyatları var. Həmin su ehtiyatları təkcə o ərazilərin deyil, qonşu ərazilərin - Bərdə, Goranboy rayonları, o cümlədən Ağdamın aşağı hissəsinin, Tərtərin suyu az alan əkin sahələrinin suvarılması üçün və azad edilmiş torpaqlara köçürüləcək sakinlərin şirin su ilə təmin olunması üçün çox böyük imkanlardır.
Azad edilmiş ərazilərdə 9 su anbarı, 14 iri çay mövcuddur. On bir çay hövzəsi üzərində avtomatik suölçmə cihazları quraşdırılır. İki yeni su anbarının - Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi ilə bağlı layihələr var. Növbəti dövrlərdə texniki əsaslandırma sənədləri hazırlanandan, bununla bağlı müvafiq qərar veriləndən sonra layihələndirmə və tikinti işlərinə başlanılacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidroloji stansiyanın quraşdırılması istiqamətində işlər görülür
Respublikanın hidrometeoroloji müşahidə şəbəkəsi avromatlaşdırılır. Son iki il ərzində çaylarda olan dinamikanı izləmək, sonrakı dövr üçün çayların hidroloji vəziyyətinə dair proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiya quraşdırılıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidroloji stansiyanın quraşdırılması istiqamətində işlər görülür. İyuna qədər həmin stansiyaların instalyasiyası gözlənilir. Bütün bunlar proqnozların dəqiqliyinə xidmət edəcək.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək