Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun fövqəladə zirvə toplantısında iştirak etmək üçün Belçikaya səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, toplantı martın 25-də paytaxt Brüsseldə keçiriləcək.
Qeyd edilib ki, sammitdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq.
Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyini, eləcə də iki ölkə arasında atəşkəsə nail olmaq üçün özünü və hərbi rəhbərliyin göstərdiyi cəhdləri NATO-dakı müttəfiqlərinin diqqətinə çatdıracaq.
Məlumat qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan tərəflər arasında münaqişənin həlli ilə bağlı təkliflərini də təqdim edəcək.
Eyni zamanda, sammitdə NATO liderləri Rusiya ilə Ukrayna arasında baş verənlərlə bağlı bundan sonrakı fəaliyyətə dair fikir mübadiləsi aparacaq.
Toplantıda həmçinin alyansın müdafiəsinin gücləndirilməsi və çəkindiricilik üçün atılacaq addımlar da müzakirə ediləcək.
Sammitə ABŞ prezidenti Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Boris Conson da qatılacaq.
Türkiyə prezidenti zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər də keçirəcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi ilə əlaqədar fevralın 25-də alyansa üzv dövlətlərin liderlərinin videokonfransı keçirilib.