Ötən həftənin sonuna olan məlumata görə, Belarusun Qomel vilayətindən Rusiyaya 2,5 mindən çox meyit aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Belarus xidməti məlumat yayıb.
Nəşrin mənbələri bölgədə yaralı rusiyalı əsgərlərinin müalicə olunduğunu da qeyd edir. Yaralılar Ukraynadan həm qurudan, həm də vertolyotlarla Belarusun Narovly şəhərinə, ondan sonra isə Mozır və Qomelə gətirilir. Meyitlər isə qatar və təyyarələrlə Rusiyaya aparılır.
“Mozır xəstəxanasında idik. Orada çoxlu yaralı rusiyalar yatır. Dəhşətli dərəcədə yaralananlar var”, - nəşrin mənbəsi deyir.
Başqa bir mənbə deyir ki, təkcə bazar günü Mozırda yüzə yaxın rusiyalı əsgər əməliyyat olunub. Onların müalicəsində və cərrahi əməliyyatlarında bütün həkimlər, o cümlədən terapevtlər və otorinolarinqoloqlar iştirak edir. Yerli sakinlər hələ də tibbi xidmətlərdən istifadə edə bilər, amma tezliklə problemlər yarana bilər.
Mənbələrin izah etdiyi kimi, məlumat birbaşa həkimlərdən gəlmir - hətta tibb bacıları belə işlərini itirməkdən qorxaraq, məlumatı açıqlanmamaq barədə müqavilə imzalayıblar.
Qeyd olunur ki, Narovlyada əlavə olaraq səhra hospitalı yaradılıb.
“Keçmiş avtobazanın ərazisində çoxlu hərbi çadırlar quraşdırılıb. Orada səhra mətbəxi və camaşırxana var. Yaralıları saymaq çətin olsa da, onların yüzlərlə olduğu aydındır. Hospitalın ərazisinə giriş qadağandır", - yerli sakinlər belə deyiblər.