Norveçin dövlət neft şirkəti “Equinor” Rusiya nefti və neft məhsulları ilə ticarəti dayandırıb.
YeniAvropa xəbər verir ki, bu qərar şirkətin Rusiyadakı bütün fəaliyyətinə xitam verilməsi ilə əlaqədar qəbul edilib.
“Bu qərar o deməkdir ki, “Equinor” yeni əməliyyatlarda iştirak etməyəcək və Rusiyadan neft və neft məhsulları daşımayacaq”, - şirkətin açıqlamasında bildirilib.
“Equinor” Rusiya ilə əməkdaşlığın bütün aspektlərini, o cümlədən hüquqi öhdəlikləri nəzərdən keçirəcəyini bildirir. Hazırda şirkətin Ukraynadakı hadisələrdən əvvəl götürülmüş müqavilə öhdəlikləri mövcuddur, buna görə mart ayı ərzində Rusiya neftinin dörd partiyasını almalı idi.
Qeyd edək ki, “Equinor” neft-qaz qrupu 1972-ci ildə yaradılıb, şirkət 2018-ci ilin may ayına qədər “Statoil” adlanırdı. Hazırda 30-dan çox ölkədə fəaliyyət göstərən “Equinor” şirkətinin ən böyük səhmdarı Norveçdir.