Rusiya-Ukrayna müharibənin 20-ci günündə Böyük Britaniyanın Kəşfiyyat mənbələrindən təəccüblü bir iddia irəli sürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, rus qüvvələri Ukrayanda tam gücü ilə maksimum 10-14 gün döyüşə bilər. Son günlərdə Xarkov başda olmaqla bir çox şəhərlərə hücum edən və mülki vətəndaşları hədəf alan Rusiya ordusunun getdikcə zəiflədiyi vurğulanıb.
"Əgər Qərb ölkələri Ukraynaya dəstəyi artırsa, onda təxminən 10 gündən sonra Ukraynada ruslar aktiv döyüş əməliyyatları apara bilməyəcəklər".Bu fikri isə "MSNBC"yə açıqlamasında ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Hodges bildirib.
Generalın sözlərinə görə, rusların kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, onun da döyüş sursatı tükənir: “Təxminən 10 gün ərzində... Gərək Ukrayna qüvvələrinin təchizatını artıraq ki, onlar Rusiya artilleriyasını, ordusunu məhv etmək və raket zərbələrini dəf etmək imkanına malik olsunlar. Bir şərtlə ki, biz bunu edək. 10 gün ərzində ruslar bu müharibədə daha aktiv döyüş əməliyyatları apara bilməyəcəkləri nöqtəyə çatacaqlar”.
General hesab edir ki, Ukrayna tərəfi Rusiyanın imkanları tükənənə qədər sağ qalmağı bacarmalıdır.