“Ukrayna prezidenti Volodimir Zelenskiyə müharibənin ilk günlərində ölkədən təxliyə olunmaq təklif edilib, lakin o, qəti şəkildə bundan imtina edib. Ölkə başçısını zəif hesab edənlər çox böyük yanılıblar”.
YeniAvropa xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Dmitri Qordona müsahibəsində deyib.
"Birinci gün o, həm Qərb tərəfdaşları, həm də öz mühafizəçilərinin israrla təxliyə olunmaq təklifindən imtina etdi. Çünki Qostomelə desant enişi olanda bizdə tam dəqiq məlumat var idi ki, növbəti eniş Peçerskə olacaq. Zelenski dedi: "Mən əlimə silah alıb döyüşəcəm, problem nədir?” - deyə A.Arestoviç bildirib.
Müşavir əlavə edib ki, çoxları dövlət başçısını təmkininə və cəsarətinə görə tərifləyir: “İlk 48 saat ərzində, artıq Kiyevdə döyüşlər gedəndə, heç kim bilmirdi ki, bu necə qurtaracaq, diversantlar haradan çıxacaq. Baza stansiyasının yaxınlığında iki dəfə atışma olmuşdu. Zelenski birmənalı olaraq dedi: “Təxliyə mövzusunu bağlayın. Mən heç vaxt getməyəcəyəm, lap 10 desant gəlsin, lap Prezident Ofisi raketlərlə vurulsun”.