Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi 600-dən çox rusiyalıya təsir göstərəcək.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bruno Le Mer Avropa İttifaqına üzv 27 ölkənin maliyyə nazirlərinin görüşündən öncə jurnalistlərə deyib.
Bruno Le Mer siyahıya daxil edilən Rusiya vətəndaşlarının adlarını açıqlamayıb, lakin bu ölkənin maliyyə sistemlərinin çox hissəsinin sanksiyalara məruz qalacağını vurğulayıb.
Avropa İttifaqına üzv ölkələrin səfirləri martın 14-də Rusiyaya qarşı sanksiyaların dördüncü paketi ilə bağlı razılığa gəliblər. Qərar bu gün Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. Bundan başqa, avropalı diplomatlar Rusiyanın Ümumdünya Ticarət Təşkilatında (ÜTT) ən əlverişli dövlət statusunun dayandırılması və Belarusun bu təşkilata üzvlük müraciətinə baxılmasının dayandırılması üçün ÜTT-yə müraciət edib.