Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən külli miqdarda vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə xidmətin mətbuat idarəsi məlumat yayıb.
Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
“Onun dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. İstintaq davam edir. İstintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz”, - mətbuat xidmətindən bildiriblər.
Kayrat Satıbaldı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim "Nur Otan" partiyasında (indiki Əmanət partiyası) müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub.