logo

Rusiyada mülki aviasiya çökür?

11:55 13-03-2022 | icon 2233
Rusiyada mülki aviasiya çökür?

Ukraynaya qarşı başladığı hərbi təcavüz səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar və hava məkanının bağlanması Rusiyada mülki aviasiya sahəsini sürətlə çökdürməkdədir.

YeniAvropa xəbər verir ki, indi  nəinki beynəlxalq reyslər, heç daxili reyslər üzrə  uçuşlar həyata keçirilmir. Paytaxt Moskvanın ən böyük hava limanı olan "Şeremetyovo"da indi səssizlik hökm sürür.

"CNN" telekanalı qeyd edir ki, Rusiyanın iri aviaşirkətləri indi praktiki olaraq dünyanın böyük hissəsindən təcrid olunublar.  “Aeroflot” və digər əksər hava yolları şirkətləri Rusiyadan xaricə bütün uçuşları dayandırıb, çünki təyyarələrin müsadirə olunması riski var. Cəmi bir neçə kiçik aviaşirkət Yaxın Şərq ölkələrinə və Türkiyəyə ara-sıra reyslər həyata keçirə bilir. ABŞ və Avropa İttifaqının sanksiyaları həm də onu nəzərdə tutur ki, “Boeing” və “Airbus” şirkətləri daha Rusiyaya təyyarələr üçün ehtiyat hissələri verməyəcəklər. Bu, reaktiv mühərriklərin istehsalına da aiddir.

Bundan əlavə Rusiya aviaşirkətlərinin parkında yer alan 900-a yaxın sərnişin təyyarəsinin 720-yə yaxını lizinq şirkətlərinin mülkiyyətindədir və onları ayın sonuna qədər geri vermək lazım gələcək. “Bir il sonra Rusiyada aviadaşımalar sahəsi həyat qabiliyyətli biznes sahəsi olaraq ortadan qalxacaq”, -bunu “AeroDynamic Advisory” şirkətinin direktoru Riçard Abulafiya "CNN"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə,  Rusiyada aviadaşıma sahəsi təqribən Şimali Koreya səviyyəsinə enəcək.

Rusiyalı sosial şəbəkə istifadəçiləri isə bu günlərdə Moskvanın "Şeremetyevo" aeroportunda hökm sürən vəziyyət barədə videolar paylaşırlar. Bu videolara əsasən aeroportun qarşısında avtoparkinq tamamilə boşdur, ərazidə tək-tük adam gözə dəyir.  

Qeydiyyat masalarının heç biri işləmir, mühafizəçilər bekarçılıqdan darıxır. Aeroportdan bir dənə də olsun təyyarə havaya qalxmır, o cümlədən daxili reyslər dayandırılıb. Sosial şəbəkə istifadəçiləri aerportda hökm sürən vəziyyəti qiyamət günü ilə müqayisə edirlər.

"Mən indi Şeremetyevo aeroportundayam, Rusiyanın ən iri aeroportunda. Amma təkəm, heç kim yoxdur. Əladır!", - sosial şəbəkə istifadəçilərindən biri paylaşdığı videoda bildirir.