Rusiya ordusu Ukraynada daha bir generalını itirib.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün "Telegram" kanalında məlumat paylaşıb.
“Yaxşı xəbər var: bu gün Şərq Hərbi Dairəsinin 29-cu ordusunun komandanı, general-mayor Andrey Kolesnikov “200” (Rusiya ordusunda ölü hərbçilərə verilən kod) oldu”,- deyə o, paylaşımında bildirib.
Anton Geraşenko generalın hansı istiqamətdə və hansı şəraitdə öldürüldüyünü yazmayıb.
Bu, Rusiyanın Ukraynada itirdiyi sayca üçüncü (təsdiqlənmiş faktdan söhbət gedir) generalıdır. Bundan əvvəl Rusiya Mərkəz Hərbi Dairəsinin 41-ci ordusunun komandan müavini, general-mayor Vitali Gerasimov Xarkov ətrafında gedən döyüşlərdə öldürülmüşdü. O, Suriya və Çeçenistandakı hərbi əməliyyatlarda, habelə Krımın ilhaqında iştirak edib. Xeyli mükafatları vardı.
Daha əvvəl isə 41-ci ordunun digər komandan müavini, general Andrey Suxovetskinin Kiyev ətrafındakı döyüşlərdə öldürüldüyü məlum olmuşdu.