“Çelsi” futbol klubunun sahibi Roman Abramoviç və Rusiyadan olan daha altı oliqarx Böyük Britaniyanın Ukraynaya görə tətbiq etdiyi sanksiyaya məruz qalıb.
YeniAvropa "ВВС News" telekanalına istinadla xəbər verir ki, Birləşmiş Krallığın Maliyyə Nazirliyi tərəfindən tərtib edilən sənəddə Roman Abramoviç “kremlpərəst oliqarx” adlandırılıb. London onun prezident Vladimir Putinə yaxın olduğunu və hakimiyyətə yaxınlığından faydalandığını güman edir.
Roman Abramoviçlə yanaşı, “Rosneft” kompaniyasının baş direktoru İqor Seçin, "VTB" bankının baş direktoru Andrey Kostin, “Transneft” kompaniyasının prezidenti Nikolay Tokarev, “Qazprom” kompaniyasının baş direktoru Aleksey Miller, həmçinin sahibkarlar Dmitri Lebedev və Oleq Deripaska da sanksiyaya məruz qalanlar sırasındadır.
Böyük Britaniya hökumətinin press-relizində deyilir ki, sanksiyalar ümumi aktivlərin dondurulmasını və Birləşmiş Krallığa səyahət qadağasını nəzərdə tutur. Haqqında söhbət gedən yeddi oliqarxın Kremlə ən yaxın şəxslər olduğu və onların dondurulacaq ümumi varidatının ümumilikdə təxminən 15 milyard funt-sterlinq təşkil etdiyi bildirilir.
Qeyd edək ki, Ukraynada müharibə başladıqdan bəri 200-dən çox Rusiya vətəndaşı və şirkəti Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. Həmçinin gələn həftə qüvvəyə minəcək iqtisadi cinayətlər haqqında qanun konkret şəxslərə qarşı sanksiyalar tətbiq etmək prosesini sadələşdirəcək.