Hidrometeoroloqlar tərəfindən Türkiyə üçün proqnozlaşdırılan güclü qar bu gün səhər saatlarından etibarən öz təsirini göstərməyə başlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,İstanbulda yağan qar və görmə məsafəsinin azalması səbəbindən Bosfor boğazı gəmi keçidləri üçün bağlanıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində irihəcmli qoşqulu yük maşınlarının şəhərə daxil olması dayandırılıb. Silivri bölgəsində dayandırılan ağır tonnajlı avtomobillər dayanacaqlara yönəldilib.
Hava şəraitinin kəskin pisləşməsi səbəbindən “Türk Hava Yolları” tərəfindən İstanbul və Sabiha Gökçen hava limanlarına martın 10-na və 11-nə planlaşdırılan 418 reys ləğv edilib.
Ölkənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) tərəfindən əhaliyə mümkün qədər evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, martın 10-dan 14-dək İstanbulda təlim-tədrisə müvəqqəti fasilə verilib. Bununla yanaşı, minimum heyət üzvü olması şərtilə təhlükəsizlik, səhiyyə və nəqliyyat xidmətləri istisna olmaqla, bütün dövlət müəssisələrinin işi bu günlər ərzində dayandırılıb.
Hidrometeoroloqlar yağıntılı hava şəraitinin martın 14-dək davam edəcəyini bildirir.