ABŞ Konqresinin Nümayəndələr palatası Rusiyadan enerji daşıyıcılarının idxalını qadağan edən və bu ölkənin Ümumdünya Ticarət Təşkilatında(ÜTT) fəaliyyətinin dayandırılması məqsədilə Amerikanın səlahiyyətli şəxslərinin tədbir görmələrini ehtiva edən qanun layihəsini qəbul edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,səsvermə qanunverici orqanın aşağı palatasının saytında birbaşa yayımlanıb.
Səsvermə zamanı 414 konqresmen təşəbbüsün lehinə, 17 konqresmen isə əleyhinə səs verib. Sənədin ilkin variantında ABŞ-ın Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması haqqında müddəa olsa da, bir sıra qanunvericilərin etirazına baxmayaraq, bu maddə qanun layihəsindən çıxarılıb.
Sənədə əsasən, Ukraynaya qarşı apardığı müharibə ilə əlaqədar Rusiyadan enerji daşıyıcılarının, o cümlədən neft və qazın ABŞ-a idxalına qadağa qoyulur. Bundan başqa, Amerikanın səlahiyyətli şəxslərinə Rusiyanın ÜTT-də fəaliyyətinin dayandırılması üçün tədbir görmək tapşırılıb. Qanun layihəsinin ABŞ Senatında nə vaxt müzakirə olunacağı hələlik dəqiq bilinmir.
Xatırladaq, martın 8-də ABŞ prezidenti Cozef Bayden Rusiyadan enerji daşıyıcılarının idxalını və bu ölkənin enerji sektoruna yeni sərmayələri qadağan edən fərman imzalayıb.