Zelenski: "16 min legioner Ukraynanı müdafiə etməyə gəlir".
"Ukrayna xalqının göstərdiyi dözümlülük Rusiyanı işğalçılıq taktikasını dəyişməyə məcbur edib".
YeniAvropa xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
"Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri bizim torpaqlarımızda əhəmiyyətli heç nə edə bilmədiklərinin etirafıdır. Müdafiəmizin bütün xətləri qorunub saxlanılıb. Düşmən heç bir strateji istiqamətdə uğur qazana bilmir", - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti Rusiya rəhbərliyinə müraciət edərək bildirib ki, Ukrayna işğalçı qüvvələrin dağıdıcı hərəkətlərinə görə maddi ziyanı ödəməyi tələb edir. "Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik. Rusiyaya isə deyirik: "Reparasiya" və "təzminat" sözlərini öyrənin. Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyin əvəzini bizə verəcəksiniz. Tam şəkildə”, - deyə Ukrayna prezidenti vurğulayıb.
V.Zelenski daha sonra bildirib ki, 16 min əcnəbi könüllülərin bir hissəsi artıq Rusiyaya qarşı mübarizəyə kömək etmək üçün Ukraynaya göndərilib. Eyni zamanda o əlavə edib ki, Ukrayna hər gün tərəfdaşlarından silah alır.