logo

Ermənistan parlamenti ölkə prezidentini seçə bilmədi

11:09 03-03-2022 | icon 1813
Ermənistan parlamenti ölkə prezidentini seçə bilmədi

Ermənistan parlamenti səsvermənin ilk turunda prezident seçə bilməyib, bunun üçün hakim “Vətəndaş müqaviləsi” fraksiyasının səsi kifayət etməyib.

YeniAvropa Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı postuna yeganə namizəd yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçaturyan yalnız 69 deputatın səsini qazanıb.

Parlamentdəki müxalif fraksiyalar isə seçkiləri boykot edib.

Ermənistan konstitusiyasına görə, prezident ilk turda parlament deputatlarının ümumi sayının azı dörddə üçünün (81 səs) səsini toplayaraq seçilə bilərdi. Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası  parlamentdəki 107 yerdən cəmi 71 mandata malikdır və seçkilərin bu gün keçirilməsi planlaşdırılan ikinci turunda deputatların ən azı beşdə üçünün (65 səs) səsi prezidentin seçilməsinə kifayət edir.

Yerli ekspertlərin fikrincə, Nikol Paşinyan yalnız loyallığına görə Vahan Xaçaturyanın namizədliyi üzərində dayanıb, çünki Ankara və Bakı ilə gözlənilən razılaşmalar səbəbindən onun bu postda öz adamına ehtiyacı var.

Qeyd edək ki, 2018-ci ildən Ermənistan prezidenti seçilən Armen Sarkisyan 2022-ci il yanvarın 23-də istefa verib. O, bu addımını prezidentin həm daxili, həm də xarici siyasətə təsir imkanlarının olmaması ilə izah edib.