logo

Ukrayna-Rusiya danışıqları başa çatıb

17:55 28-02-2022 | icon 3094
Ukrayna-Rusiya danışıqları başa çatıb

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

Qeyd edək ki, nümayəndə heyətlərinin görüşü Belarusun Ukrayna ilə sərhəd bölgəsindəki Qomel vilayətində, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yeri açıqlanmır.

Ukrayna tərəfindən nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

Rusiyanın heyətinə prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Danışıqların əsas məsələsi dərhal atəşkəs elan edilməsi  və Rusiya qoşunlarının Ukrayna ərazisindən , o cümlədən Donbas və Krım bölgələrindən çıxarılmasıdır.

Yeri gəlmişkən, bu arada Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb. “Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib. İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - deyə O.Arestoviç özünün "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, indiyədək Rusiyanın azı 2500 hərbi qulluqçusu məhv edilib: “Onlardan 300 nəfəri yüksəkrütbəli hərbçilərdir, yəni mayor, polkovnik-leytenantdır”.