logo

Ukrayna-Rusiya danışıqları başlayıb

15:45 28-02-2022 | icon 1771
Ukrayna-Rusiya danışıqları başlayıb

Belarusun Qomel vilayətində Ukrayna ilə Rusiya arasında danışıqlar başlayıb.

YeniAvropa "Ukrinform" informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlarda Ukraynanı təmsil edən nümayəndə heyətinin tərkibinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

Moskvanı isə bu görüşdə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir.

Bu ərəfədə Ukrayna prezidenti Volodimir Zelenski danışıqların nəticələrinə inanmadığını bildirib. Prezident ofisinin məlumatına görə, görüşün əsas mövzusu atəşkəsin bərqərar olması və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətdən sonra danışıqlar üçün Belarusa nümayəndə heyəti göndərməyə razılıq verib. Ardınca Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Qomel vilayətində danışıqlara dair razılığın əldə olunduğunu bildirib.

Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfəri, danışıqlar və onların geri qayıtması zamanı Belarus ərazisində yerləşən təyyarələrin, helikopterlərin uçmayacağı və raketlərin atılmayacağı barədə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda Ukraynanın şimalında, şərqində və cənubunda, həmçinin paytaxt Kiyev ətrafında ağır döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri də endirir.

İşğalçı Rusiya ordusu həm texnika, həm də canlı qüvvə sarıdan xeyli itki verib. Xeyli syda hərbçi əsir götürülüb.