Ukraynanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Rusiyanın diversiya-kəşfiyyat qrupları artıq Kiyevin Oboloni rayonuna soxulublar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, nazirlik şəhər sakinlərinə müraciət edərək yandırıcı kokteyllər hazırlamağa, düşmən diversantları ilə qarşılaşdıqları halda onları məhv etməyə çağırıb.
“Oboloni rayonunda düşmənin diversiya-kəşfiyyat qrupları var. Vətəndaşlardan xahiş edirik texnikanın şübhəli hərəkəti barədə dərhal məlumat versinlər. “Molotov” kokteyli hazırlayın ki, işğalçını zərərsizləşdirəsiniz! Dinc sakinlər, ehtiyatlı olun! Evlərinizi tərk etməyin!”, - deyə müraciətdə bildirilir.
Az əvvəl Kiyev vilayətinin Hostomel şəhərindən paytaxta doğru Ukrayna ordusunun yük maşınlarında hərəkət edən Rusiya diversantlarının isə artıq məhv edildiyi bildirilir.