Avropa İttifaqının(Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya paketinin təfərrüatları məlum olub.
YeniAvropa “Azadlıq” radiosunun Rusiya bürosuna istinadən xəbər verir ki, yeni siyahıya rəsmi şəxslərlə yanaşı, Rusiyanın təbliğatçıları - "RT" telekanalının baş redaktoru Marqarita Simonyan və teleaparıcı Vladimir Solovyov əlavə edilib.
Bildirilib ki, rəsmi şəxslərin siyahısına Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və bir qrup hərbçi daxil edilib.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.