Avropa İttifaqı(Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəliblər.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.
Onun sözlərinə görə, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.
Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb.
Borrel Almaniyanın “Şimal axını-2”nin sertifikatlaşdırılmasını dayandırmaq qərarını alqışlayıb.
Ali komissar qeyd edib ki, Avropa İttifaqı Rusiyanı danışıqlar masasına qaytarmaq üçün, xüsusən də BMT və ATƏT-də diplomatik səylərini davam etdirəcək.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.