logo

BMT-nin baş katibi Ukraynada atəşi dərhal dayandırmağa çağırıb

11:55 22-02-2022 | icon 1953
BMT-nin baş katibi Ukraynada atəşi dərhal dayandırmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının(BMT) baş katibi Antonio Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik BMT-də keçirdiyi brifinqdə bildirib ki, BMT bütün əlaqədar tərəfləri Ukraynanın ərazi bütövlüyünü və ya Minsk sazişlərinin icrasını poza biləcək addımlardan çəkinməyə çağırır.

YeniAvropa xəbər verir ki, Düjarrikin sözlərinə görə, baş katib bütün əlaqədar tərəfləri öz səylərini “döyüş əməliyyatlarının dərhal dayandırılmasının təmin edilməsi, mülki əhalinin və mülki infrastrukturun müdafiəsi, Ukraynada və onun ətrafında təhlükəli vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək hər hansı hərəkətlərin və bəyanatların qarşısının alınması, bütün məsələləri dinc yolla həll etmək üçün diplomatiyaya prioritet diqqət yetirilməsi” üzərində cəmləşdirməyə çağırır.

Baş katibin nümayəndəsi əminliklə bildirib ki, Baş Assambleyanın müvafiq qərarlarına uyğun olaraq BMT Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində onun suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü əvvəlki kimi tamamilə dəstəkləyir.

BMT rəhbəri Konqo Demokratik Respublikasına rəsmi səfərə getməyi planlaşdırırdı, lakin Ukrayna ətrafında vəziyyətin pisləşməsi ilə əlaqədar bu səfərini ləğv edib.