İsveçrə hökuməti ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin böyük bir hissəsini ləğv edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, fevralın 17-dən etibarən ölkədə ticarət və qastronomiya obyektlərinə, eləcə də dövlət qurumlarına, müəssisə və təşkilatlara, kütləvi tədbir məkanlarına giriş üçün tibbi maska tələb olunmayacaq. Kinoteatr, restoran və tədbir məkanlarına müvafiq sertifikatlarla girişə də ehtiyac olmayacaq.
Hökumətin qərarında, həmçinin bildirilib ki, iş yerində tibbi maska öhdəliyi, kütləvi tədbirlərin təşkili üçün tətbiq edilən məhdudiyyətlər, eləcə də şəxsi toplantılar üçün tətbiq olunan bütün qaydalar aradan qaldırılır.
Qeyd edilib ki, koronavirusa yoluxmuş şəxslərin təcridi, ictimai nəqliyyat və səhiyyə müəssisələrində tibbi maska öhdəliyi martın 31-dək qüvvədə qalacaq.
Yeni qaydalar arasında əsas bəndlərdən biri də ölkəyə səyahətlə bağlıdır. Hökumət İsveçrəyə səfər edənlərdən peyvənd, sağalma və ya testə dair heç bir sənəd tələb etməyəcək. Ölkəyə giriş üçün xüsusi anket də doldurulmayacaq.
İsveçrədə gündəlik yoluxma halları təxminən 20 minə düşüb. Yanvarın 31-dən bəri (gündəlik təxminən 90 min yoluxma) keçən dövr ərzində azalan tendensiya məhdudiyyətlərin ləğv olunmasına imkan yaradıb.