logo

Prezident qızının oğurladığı 131 milyon dollar Özbəkistana qaytarılacaq

09:53 15-02-2022 | icon 3024
Prezident qızının oğurladığı 131 milyon dollar Özbəkistana qaytarılacaq

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnara Kərimovanın 131 milyon dollar məbləğində vəsaiti BMT-nin çoxtərəfli trast fondu vasitəsilə İsveçrədən ölkəyə qaytarılacaq.

YeniAvropa Özbəkistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayılıb.

“2022-ci il fevralın 11-də İsveçrə və Özbəkistan arasında baş tutan danışıqlar nəticəsində iki ölkənin nümayəndə heyətləri BMT-nin yeni multidonor trast fondunun yaradılması barədə razılığa gəliblər. Fond cinayət prosesi zamanı müsadirə edilən aktivlərin geri qaytarılması üçün istifadə olunacaq. Hazırda təxminən 131 milyon ABŞ dolları geri qaytarılmağa hazırdır”, - deyə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bir müddət öncə Özbəkistan Baş Prokurorluğu və Ədliyyə Nazirliyi bir sıra xarici ölkələrlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə Gülnara Kərimovanın qanunsuz yolla əldə etdiyi 1,3 milyard dollardan çox vəsaitin qaytarılması istiqamətində işlərin aparıldığı barədə məlumat vermişdi.

Xatırladaq ki, Gülnara Kərimova 2015-ci ilin avqust ayında dələduzluq və vergidən yayınma maddələri üzrə təqsirli bilinib, 2017-ci il dekabrın 18-də isə digər cinayət işi üzrə 10 il azadlıqdan məhrum edilib. 2020-ci il martın 18-də yeni cinayət işi çərçivəsində onun həbs müddəti 13 il dörd aya qədər artırılıb.