Fevralın 11-də ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau münaqişədən zərər çəkmiş ərazilərdə təhlükəsizlik və humanitar vəziyyəti müşahidə etmək məqsədilə Ukraynaya səfər edəcək.
YeniAvropa ATƏT-in saytına istinadla xəbər verir ki, Zbiqnev Raunun səfəri zamanı Ukraynanın prezidenti Volodimir Zelenski, xarici işlər naziri Dmitro Kuleba, baş nazirin müavini İrina Vereşçukla görüşü baş tutacaq.
Danışıqlar zamanı Ukraynadakı cari proseslər, ölkədə və onun ətrafında böhranın deeskalasiyasına və həllinə töhfə vermək üçün atılan addımlar, ATƏT və Ukrayna arasında əməkdaşlıq müzakirə olunacaq.
Zbiqnev Rau səfəri zamanı ATƏT-in Ukraynadakı və Üçtərəfli Təmas Qrupundakı xüsusi nümayəndəsi, Ukraynadakı Xüsusi Monitorinq Missiyasının rəhbəri və Ukraynadakı layihə koordinatoru ilə müzakirələr aparacaq. Eyni zamanda, ATƏT-in sədrinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Ukraynadakı nümayəndə heyəti və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nümayəndə heyəti ilə də görüşü baş tutacaq.