logo

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini həbs edildi

12:34 07-02-2022 | icon 2422
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini həbs edildi

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavini Daulet Yerqojinin həbsi sanksiyalaşdırılıb.

YeniAvropa Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Kərim Məsimov, Anuar Sadıkulov və Daulet Yerqojin barəsində başlanılan cinayət işinə “Tamamilə məxfi” qrifi verilib. Milli Təhlükəsizlik Komitəsi ibtidai istintaqla bağlı məlumatların yayılmasını qadağan edib.

2016-cı ildən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Kərim Məsimov cari il yanvarın 6-da dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Yanvarın 13-də onun iki müavini - Anuar Sadıkulov və Daulet Yerqojinin saxlanması barədə məlumat yayılıb. Onların hər üçü hakimiyyəti zorla ələ keçirmək cəhdində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Yanvarın 11-də parlamentin iclasında çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən iğtişaşlar zamanı xüsusi xidmət orqanlarının fəaliyyətini sərt tənqid etmişdi. Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində Milli Təhlükəsizlik Komitəsinin idarə rəisləri kifayət qədər hərbi arsenala malik olduqları halda, silahlarını və məxfi sənədləri ataraq xidməti binaları tərk etmişdilər.