Ukrayna Türkiyədən yeni pilotsuz uçuş aparatları almaq niyyətindədir.
YeniAvropa xəbər verir ki, bunu Türkiyə Prezidenti administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə və Ukrayna arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə “Bloomberg” agentliyinə müsahibəsində deyib.
“Ötən il Türkiyə ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 59 faiz artaraq 7,1 milyard dollara çatıb. Qarşılıqlı münasibətlərdə irəliləyişin əldə olunduğu sahələrdən biri də müdafiə sənayesidir. Ukrayna bu günədək Türkiyədən 12 pilotsuz uçuş aparatı alıb, həmçinin Baş Qərargah rəisi səviyyəsində yeni aparatlar almaq niyyətində olduğunu bildirib”, - deyə Fəxrəddin Altun vurğulayıb.
Yanvar ayında Türkiyə “Baykar Makina” kompaniyasının mühərrikləri Ukraynada istehsal olunan “Bayraktar Akıncı” pilotsuz uçan döyüş aparatlarının ixracına dair ilk müqavilə imzalayıb. Lakin müqavilənin hansı ölkə ilə imzalandığı indiyə qədər açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci il noyabrın 12-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin iki kompaniyasının – “İvçenko-proqress” dövlət müəssisəsi və “Motor Siç” müəssisəsinin Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatları üçün mühərriklərin tədarükü üzrə müqaviləni imzaladığı barədə məlumat vermişdi.