Fevralın 3-də Ukrayna prezidenti Volodimir Zelenski və birinci xanım Yelena Zelenskaya Kiyevdə Marinski Sarayının önündə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı qarşılayıblar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi qarovul dəstəsinin qarşısından keçib.
Türkiyə və Ukraynanın Dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə gəlib. Səfərdən öncə Ankarada jurnalistlərə müsahibə verib.
"Biz Ukraynanın qarşılaşdığı çağırışları izləyirik və qonşumuz Ukraynanın ərazi bütövlüyünə hər bir halda dəstəyimizi ifadə edirik. Regionda artan gərginliyi diqqətlə izləyirik. Biz regionumuzda sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırıq. Düşünürəm ki, Kiyevdəki təmaslarımız bizim Ukrayna ilə münasibətlərimizi möhkəmləndirəcək”, - deyə Türkiyə lideri vurğulayıb.
Səfər çərçivəsində Yüksək Səviyyəli Strateji Şuranın iclasının keçirilməsi, iki ölkə arasında 12 müqavilənin imzalanması planlaşdırılır.