Qazaxıstan Məclisinin (parlamentinin aşağı palatası) deputatları ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərinin respublikanın sabiq prezidenti Nursultan Nazarbayevlə razılaşdırılmasının vacibliyi barədə qanunun ləğvi ilə bağlı senatın təklif etdiyi düzəlişi dəstəkləyib.
YeniAvropa xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Bir müddət öncə Qazaxıstan parlamentinin Məclisi ölkənin birinci prezidenti - Elbası haqqında qanuna Nursultan Nazarbayevin Konstitusiya Şurasının üzvü olmaq, həmçinin hökumətdə və parlamentdə təmsil olunmaq hüququnu özündə saxlaması ilə bağlı düzəlişlər etmişdi.
Senatda sənədi nəzərdən keçirən deputatlar xarici və daxili siyasətin əsas istiqamətlərini Nursultan Nazarbayevlə razılaşdırmaq zərurətinin ləğvini nəzərdə tutan düzəlişlər irəli sürüblər. Məclisin fevralın 2-də keçirilən plenar iclasında bu dəyişikliklər təsdiqlənib və imzalanması uçub respublika prezidentinə göndərilib.
Qeyd edək ki, 30 ilə yaxın Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev 2019-cu il martın 20-də prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri, hakim “Nur Otan” partiyasının lideri və Qazaxıstan Xalq Assambleyasının rəhbəri postlarını özündə saxlamışdı. O, 2021-ci ilin aprelində Assambleyanın sədri səlahiyyətlərini, yanvarın 5-də - kütləvi iğtişaşlar zamanı isə Təhlükəsizlik Şurasının sədri postunu respublikanın hazırkı rəhbərinə verib.
Yanvarın 18-də vətəndaşlara video-müraciət edən 81 yaşlı siyasətçi bildirib ki, Kasım-Jomart Tokayev Qazaxıstanda tam hakimiyyətə malikdir. O, “elitada münaqişə və ya qarşıdurma” ilə bağlı şayiələri də təkzib edib.