logo

ABŞ və Rusiya XİN başçıları Cenevrədə görüşüblər

15:40 21-01-2022 | icon 2303
ABŞ və Rusiya XİN başçıları Cenevrədə görüşüblər

ABŞ və Rusiyanın xarici işlər nazirləri Entoni Blinken və Sergey Lavrov yanvarın 21-də Cenevrədə görüşüblər.

YeniAvropa  xəbər verir ki, görüşdə Ukrayna ətrafında yaranmış gərginlik, rəsmi Moskvanın təhlükəsizlik zəmanətlərinə dair təqdim etdiyi təkliflərlə bağlı gələcək addımlar müzakirə edilib.

Görüşdən əvvəl tərəflər mətbuat açıqlamalarında görüşün konkret nəticələrinə dair gözləntilərinə aydınlıq gətirməyiblər. E. Blinken bildirib ki, bu görüşdə tərəflər arasındakı fərqli yanaşmaların aradan qaldırılacağı gözlənilmir, lakin ABŞ diplomatiya və dialoqa sadiq qalır və Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzünün qarşısı alınmalıdır.

Sergey Lavrov da görüşdən əvvəl Qərblə münasibətlərin yaxşılaşacağına dair ümidlərin doğrulmayacağına işarə edib və bu görüşdən əsaslı nəticə gözlənilmədiyini vurğulayıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında S. Lavrov bildirib ki, bu təmas Rusiyanın ABŞ-a təhlükəsizlik zəmanətlərinə dair verdiyi təkliflərə cavab hazırlamağa kömək edəcək. O, amerikalı həmkarı ilə danışıqları aralıq görüş kimi dəyərləndirib.

Mətbuatda yayılan xəbərlərə görə, Rusiya gələn həftə üçün ABŞ-dan təhlükəsizlik zəmanətlərinə dair təkliflərə yazılı cavab gözləyir.