Rəsmi Mockva Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli bəyanatlarında təsbit olunmuş üçtərəfli razılaşmaların tam həcmdə həyata keçirilməsinin zəruriliyini əsas götürür.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib. Onun 2021-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransı ilə əlaqədar KİV nümayəndələrinin suallarına verdiyi cavablar nazirliyin saytında dərc edilib.
S.Lavrov deyib: “Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq, regionda nəqliyyat kommunikasiyalarını və iqtisadi əlaqələri bərpa etməkdir. Bu istiqamətlərdə tərəqqiyə nail olmaq Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması işində əhəmiyyətli dərəcədə irəliləməyə imkan verəcək”.
Nazir daha sonra bildirib ki, bu il MDB üzvü olan dövlətlərin əksəriyyəti ilə, o cümlədən Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi qeyd ediləcək.
Diplomat daha sonra deyib: “Biz bu ölkələrin hər biri ilə silsilə yubiley tədbirləri hazırlayırıq. Bəzi tədbirlərin mədəni-maarif xarakteri daşıyacağını nəzərə alaraq, bunu əsas götürürük ki, həmin tədbirlər ictimaiyyət üçün də maraqlı olacaq”.