"Elbası bütün bu günlərdə Nur-Sultan şəhərində olub və dövlət başçısına dəstək olub. Lakin vəziyyət çox çətin idi və buna görə də o, şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə təhvil vermək qərarına gəlib".
YeniAvropa xəbər verir ki, bu fikri yerli KİV-ə açıqlamasında Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay səsləndirib. Onun sözlərinə görə, Elbası və Kasım-Jomart Tokayev həmişə “barrikadaların eyni tərəfində” olaraq, xalqını, ölkəsini, millətin gələcəyini müdafiə edib, hamı üçün çətin olan bu günlərdə onlar dövlət hakimiyyətinin tamlığını bir daha nümayiş etdiriblər.
"Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Qazaxıstanın birinci prezidenti ilə bağlı çoxlu sayda yalan şayiələr və təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi vəziyyəti və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk.
Əvvəl də bəyan etdiyim kimi, Elbası bütün bu günlərdə Nur-Sultan şəhərində olub və dövlət başçısına dəstək olub. Çünki o, yaxşı bilirdi ki, iğtişaşlar və terror ölkə rəhbərliyindən operativ, sərt və barışmaz cavab tələb edir.
Bu çətin zamanda Nursultan Nazarbayev bütün vətəndaşları xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirməyə, terrorçulara qarşı mübarizədə və Qazaxıstanda həyatın normallaşdırılmasında prezidentimiz Kasım-Jomart Tokayevi dəstəkləməyə çağırır.
Elbası terror aktları nəticəsində insanların həlak olmasından kədərlənir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”, - deyə mətbuat katibi bildirib.