Pakistanın Murri şəhəri yaxınlığında və Qaliyat bölgəsində güclü qar yağması nəticəsində hərəkət edə bilməyən avtomobillərdə soyuqdan donaraq ölənlərin sayı 23-ə çatıb.
YeniAvropa Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlərin arasında polis əməkdaşı, onun həyat yoldaşı və beş uşağı da var.
Paytaxt İslamabadın 70 kilometrliyindəki Murri turizm zonasına yanvarın 7-dən yağan güclü qar fasilələrlə davam edir.
Pakistanın daxili işlər naziri Rəşid Əhməd jurnalistlərə bildirib ki, yanvarın 7-dən 8-dək Murri istiqamətinə 125 min avtomobil hərəkət edib. Güclü qar nəticəsində yolda tıxac yaranıb. Təxminən min avtomobildə vətəndaşlar hələ də köməksiz vəziyyətdə qalıb.
Murri şəhəri və Qaliyat bölgəsi fəlakət zonası elan olunub. Regionda qəza-xilasetmə işləri davam etdirilir.