Bir qrup etirazçı “Qazaxıstan Azadlıq Cəbhəsi” adlı silahlı dəstənin yaradıldığını elan edib. Qrup rəhbərləri Qazaxıstan xalqına videoformatda müraciət ediblər.
YeniAvropa xəbər verir ki, onlar məqsədlərini ölkədəki KTMT qüvvələrinə qarşı mübarizə və ölkənin azad edilməsi adlandırıblar.
“Qazaxıstan xalqı - biz tiranlığa qarşı üsyançıyıq. Aktauda, Almatıda və digər şəhərlərdə təhlükəsizlik qüvvələri ilə döyüşürdük. Belə bir məqamda Qazaxıstana qoşun yeridilməsi vətənimizin işğalının başlanğıcı, Tokayev hökumətinin marionetka kateqoriyasına keçməsi kimi qiymətləndirilir. Əsgərlər və zabitlər, bu gün Qazaxıstanın müstəqilliyi sizdən asılıdır. Prezident Tokayev artıq konstitusiyanı pozub, ölkənin suverenliyini Belarusda Lukaşenko və Ukraynada Yanukoviç kimi Rusiyanın əlinə verib. Biz birlikdə rejimi devirəcəyik, ədalətə nail olacağıq və işğalçılara qətiyyətlə müqavimət göstərəcəyik. Biz silahlıyıq və KTMT qoşunlarını ölkəmizdən çıxarmağa hazırıq. Biz suverenliyi və ərazi bütövlüyünü istənilən qəsddən qoruyacağıq”, -deyə videomüraciətdə vurğulanıb.
Onlar həmçinin müstəqil üsyançı qruplar yaratmağa və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etməyə çağırıblar.