logo

Ötən gün dünyada rekord sayda  koronavirusa yoluxma qeydə alınıb

11:11 07-01-2022 | icon 2282
Ötən gün dünyada rekord sayda  koronavirusa yoluxma qeydə alınıb

Son 24 saat ərzində dünyada koronavirusa 2,6 milyondan çox yoluxma halı qeydə alınıb ki, bu da pandemiya başlayandan ən yüksək gündəlik göstəricidir. 

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib.

Qeyd edək ki, bundan əvvəlki antirekord çərşənbə günü qeydə alınmışdı: 24 saat ərzində ÜST-yə 2 294 039 yoluxma faktı haqqında məlumat daxil olmuşdu. Son doqquz gün ərzində 1 milyondan artıq gündəlik artım səkkiz dəfə qeydə alınıb. ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə dövlətlər tərəfindən təqdim edilən yalnız rəsmi təsdiqlənmiş məlumatlar əsasında toplanır.

ÜST-yə daxil olan məlumatlara görə ən çox təsdiqlənmiş yoluxma halı - 56 843 327 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (35 109 286), Braziliya (22 323 837), Böyük Britaniya (13 835 338) və Fransa (10 645 841) yer alırlar. Ən çox ölüm halları - 824 175 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (619 384), üçüncü yerdə isə Hindistan (482 876) qərarlaşıb. Daha sonra Rusiya (313 817) və Meksika (299 711) yer alırlar.

Cümə axşamı dərc edilmiş ÜST-nin epidemiya ilə bağlı bülleteninə əsasən həftə ərzində dekabrın 27-dən yanvarın 2-nə kimi dünyada 9 520 488 yeni yoluxma halı aşkar edilib, bu isə ötən yeddi gün ilə müqayisədə 71 faiz çoxdur. Bununla belə ölüm hallarının sayı bir həftəyə 10 faiz azalıb: cəmi 41 178 ölüm halı qeydə alınıb. Təşkilatın məlumatlarına görə, dekabrın 27-dən yanvarın 2-nə kimi yoluxma hallarında kəskin artım Amerikada (keçən həftə ilə müqayisədə 100 faiz), Cənub-Şərq Asiyada (78 faiz), Avropada (65 faiz), Şərqi Aralıq dənizində (40 faiz) və Qərb-Sakit okean bölgəsində (38 faiz) qeydə alınıb. Ölüm hallarının sayı Afrikada (22 faiz) artıb, eyni zamanda ÜST-nin qalan beş regionunda isə azalıb.