Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hökumət üzvləri yeni tərkib formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.
Qazaxıstanın baş naziri vəzifəsini isə müvəqqəti olaraq Alixan Smailov icra edəcək.
Alixan Smailov 1972-ci ildə Almatı şəhərində anadan olub. Əl-Fərabi adına Qazaxıstan dövlət universitetini bitirib.Məzun olduqdan sonra müxtəlif rəhbər vəzifələrdə çalışıb. O cümlədən, Dövlət Statistika agentliyinin sədri(1999-2003 və 2009-2014), xarici işlər nazirinin müavini(2003-2006), maliyyə nazirinin müavini(2006–2009), Qazaxıstan prezidentinin köməkçisi(2015-2018), maliyyə naziri(2018-2019), 2019-cu ildən isə baş nazirin I müavini vəzifəsini icra edib.
Xatırladaq ki, hökumətin istefası Qazaxıstanın bir sıra bölgələrində başlayan kütləvi etiraz aksiyaları fonunda baş verib.
Belə ki, Janaozen şəhərində maye qazın bahalaşması yanvarın 2-də kütləvi etirazlara səbəb olub. Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən Almatıya sıçrayıb. Hökumət etirazçılar qarşısında geri çəkilərək qiymətləri endirsə də aksiyalar səngiməyib. Bəzi şəhərlərdə küçələrə çıxanlar hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini (ömürlük) tutan keçmiş prezident və “elbası” Nursultan Nazarbayevin siyasətdən getməsini tələb ediblər. Ötən gün etirazların böyüməsi qarşısında prezident Kasım-Jomərt Tokayev hökuməti istefaya göndərib. Habelə Almatıda və Manqistau vilayətində (inzibai mərkəzi Janaozen olmaqla) yanvarın 5-dən 19-na qədər komendant saatı tətbiq edilib.