logo

SOCAR “Türkiye Petrolleri” ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

18:43 25-12-2017 | icon 2450
SOCAR “Türkiye Petrolleri” ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Bu haqda YeniAvropa-ya SOCAR-dan bildirilib.Məlumatda qeyd olunub ki, dekabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Türkiye Petrolleri A.O.” şirkətinin idarə heyətinin sədri və baş direktoru Melih Han Bilgin ilə görüşü keçirilib. Görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

R.Abdullayev iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. O qeyd edib ki, Azərbaycanda ilk xarici investorlardan biri olan TPAO şirkəti uzun müddət ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində uğurlu tərəfdaşlıq edir. Həmin layihələr çərçivəsində qazanılan nailiyyətlər bu gün də iki qardaş ölkənin iqtisadi yüksəlişinə xidmət edir.

Qeyd olunub ki, SOCAR son illərdə öz fəaliyyətlərini şaxələndirərək, Azərbaycanla yanaşı müxtəlif perspektivli xarici bazarlarda, o cümlədən qardaş Türkiyədə nəhəng layihələr keçirməkdədir. TANAP, “Star” neft emalı zavodu kimi layihələrin yaxın aylarda tamamlanması və gələn ildən etibarən istismara başlanılması nəzərdə tutulur. Bu da öz növbəsində Türkiyə ilə yanaşı SOCAR və Azərbaycanın gəlirlərinə müsbət təsir göstərəcək.

“Türkiye Petrolleri A.O.” şirkətinin idarə heyətinin sədri və baş direktoru Melih Han Bilgin öz növbəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər olduğunu söyləyib. O qeyd edib ki, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi enerji layihələrində iştirakı, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələri hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.