Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistral yolu yük, qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Hazırda digər yüngül və minik avtomobilləri yol polisinin nəzarəti altında hərəkət edə bilirlər.
Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.
Qeyd edək ki, hazırda magistralda Azərbaycan, Rusiya, Gürcüstan, İran, Ukrayna və Türkiyəyə məxsus 100-dən çox yük avtomobili dayanıb.