Rusiya Türkiyəyə "S-400" zenit-raket komplekslərinin əlavə partiyasını tədarük etmək niyyətindədir.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın Antenna (ANT1) telekanalına müsahibəsində bildirib.
Rusiyanın Türkiyəyə "S-400" hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını tədarük edib-etməyəcəyi sualına Peskov belə cavab verib: "Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Ümid edirik, bəli".
Telekanalın müxbirinin :"ABŞ sanksiyalarına baxmayaraq, Rusiyanın Türkiyəyə "S-400" hava hücumundan müdafiə sistemi verməkdə xüsusi marağı nədir?" sualına D.Peskov belə cavab verib: "Biz hamımız bilirik ki, ABŞ bu sanksiya oyununu oynamağı sevir, baxmayaraq ki, biz başa düşürük ki, onlar heç vaxt öz məqsədlərinə çatmırlar. ABŞ heç vaxt heç bir ölkənin fikirlərini dəyişməyə nail ola bilməyib. Bizim siyasətimiz ondan ibarətdir ki, biz əməkdaşlığa açığıq - müxtəlif ölkələr ilə, xüsusən də tərəfdaşlarımızla. Rusiya və Türkiyə arasında bu cür əməkdaşlıq heç bir ölkə üçün, xüsusən də Yunanıstan üçün təhlükə olmamalıdır, çünki bu sistem hücum sistemi deyil, müdafiə xarakteri daşıyır, 100% müdafiə xarakteri daşıyır”.