logo

Rusiyadan daha bir erməni milyarder Ermənistan siyasətinə atılır

13:53 26-11-2021 | icon 2513
Rusiyadan daha bir erməni milyarder Ermənistan siyasətinə atılır

“Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Ermənistan siyasətinə atılmağa və ölkəyə rəhbərlik etməyə hazırlaşır.

YeniAvropa xəbər verir ki, bu barədə R.Vardanyan "RBK" agentliyinə müsahibəsində məlumat verib.

“Siyasətə qatılmağa hazırlaşırsınızmı?” sualına biznesmen belə cavab verib.

“Qısa cavab verirəm: bəli. Lakin siyasətdə mən hesab edirəm ki, bu suala cavabı  sadəcə siyasi partiyadan fərqli olaraq başqa cür verirlər...Mən millətim üçün çəkməçi də olmağa hazıram, təmizlikçi də, rəhbər də”, - deyə R. Vardanyan vurğulayıb.

O əlavə edib ki, Ermənistanın inkişafına dair çox mühüm suallara cavab tapmağa çalışır. “Bütün bu suallar biznesmen kimi mənim çərçivəmdən kənara çıxır və adi gündəlik həyatımla uyğun gəlmir. Bu mənada əlbəttə, mən siyasətdəyəm”, - milyarder sözlərinə əlavə edib.

Ruben Vardanyan təsdiq edib ki, Ermənistan çox ağır vəziyyətdədir və indi onun müstəqil dövlət kimi qorunub saxlanılması məsələsi çox kəskin dayanıb. Ona görə də belə vəziyyətdə dövlət rəhbəri olmaq üçün çox cəsarətli və riskə getməyə hazır adam tələb olunur.

Xatırladaq ki, bundan əvvəl erməni əsilli digər rusiyalı milyarder, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan da Ermənistanda siyasi fəaliyyətə başladığını elan etmişdi. Lakin onun siyasi fəaliyyəti hələlik nəzərə çarpmır.